ABŞ-nin Tennessi ştatında ölüm hökmünün icrası zamanı iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq sağ qalan Krista Payk ilk dəfə ictimaiyyətə açıqlama verib. 50 yaşlı qadın uğursuz edam cəhdindən sonra yaşadığı fiziki və mənəvi ağrılardan danışıb.
Xəbəraxını xəbər verir ki, Paykın edamı sentyabr ayında həyata keçirilməyə çalışılıb. Ona iki doza pentobarbital preparatı vurulsa da, həkimlərin qənaətinə əsasən, dərmanın ölümə səbəb olacaq miqdarı onun qan dövranına daxil olmayıb.
Vəkillərinin sosial şəbəkələrdə yayımladığı bəyanatda Payk xəstəxanada təkbaşına özünə gəldiyini, baş verənləri anlamadığını və güclü ağrılar hiss etdiyini bildirib.
“Bir an belə ağrısız qalmamışam. Bədənim, qollarım, əllərim və boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Bu, yalnız fiziki ağrı deyil. Ağrı şüuruma və ruhuma da nüfuz edir”, – deyə o qeyd edib.
Edam cəhdindən sonra ağır vəziyyətə düşüb
Uğursuz edam cəhdindən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Payk daha sonra son 30 ilini keçirdiyi həbsxanaya qaytarılıb.
Vəkillərinin əvvəlki açıqlamalarına görə, hadisədən sonra qadında pnevmoniya yaranıb, əlləri şişib və udqunmaqda çətinlik çəkib. Payk hazırda sağalmağa başladığını bildirsə də, hələ də yaşadıqlarının təsirindən çıxa bilmədiyini vurğulayıb.
“Sağalıram və gücləndiyimi hiss edirəm. Amma yaraların sağalması hər şeyin qaydasında olduğu demək deyil”, – deyə o əlavə edib.
Krista Payk hansı cinayətə görə ölüm hökmünə məhkum edilib?
Payk 1995-ci ildə 19 yaşlı Kolin Slemmerin qətlinə görə ölüm hökmü alıb. Hadisə zamanı onun 18, sevgilisi Tadaril Şippin isə 17 yaşı olub.
Məlumata görə, onlar problemli yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgədə tanış olduqları Slemmeri döyərək və ona işgəncə verərək öldürüblər. Şipp cinayət zamanı yetkinlik yaşına çatmadığı üçün ölüm hökmünə məhkum edilməyib. O, hazırda da həbsdədir.
Paykın edamı baş tutacağı təqdirdə, o, Tennessi ştatında təxminən 200 ildən sonra edam edilən ilk qadın olacaqdı.
Qadın uğursuz edam cəhdinin onu dərindən sarsıtdığını da bildirib. Onun sözlərinə görə, baş verənlərdəki səriştəsizlik çoxsaylı insanlara ağır təsir göstərib.
Tennessi ştatının hakimiyyət orqanları edam cəhdinin nə üçün uğursuzluqla nəticələndiyini hələ açıqlamayıblar. Bununla belə, onlar seçilmiş edam üsulunun düzgün olduğunu iddia edirlər.
