Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb. İki ölkə arasında bir sıra ikitərəfli sənədlər imzalanıb.
Xəbəraxını xəbər verir ki, sənədlərin imzalanma mərasimi Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilən 11-ci iclası çərçivəsində baş tutub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili “İpək Yolu – Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktiki fəaliyyətinə dair protokol imzalayıblar.
Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Gürcüstanın Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili iki sənədə imza atıblar.
Sənədlər bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlığı nəzərdə tutur.
İmzalanan razılaşmaların Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin və müvafiq sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verməsi gözlənilir.
