ABŞ və İsrail İrana qarşı bir həftəlik hücuma hazırlaşır? – Yeni iddia

ABŞ və İsrail İrana qarşı bir həftəlik hücuma hazırlaşır? – Yeni iddia

ABŞ və İsrailin İranın rəhbərliyini, nüvə və energetika obyektlərini, eləcə də strateji infrastrukturunu hədəf alan genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığı iddia edilir. Əməliyyatın bir həftə davam edə biləcəyi ehtimal olunur.

Xəbəraxını xəbər verir ki, bu barədə” “Axios” nəşrində məlumat yazılıb.

Nəşrin amerikalı və israilli rəsmilərə istinadən yaydığı məlumata görə, mümkün əməliyyatın noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra başlanması nəzərdən keçirilir.

Mənbələrin bildirdiyinə görə, məsələ oktyabrın 26-da İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper arasında müzakirə olunub.

Diplomatik danışıqlar da davam edir

Hərbi əməliyyat ehtimalı ilə yanaşı, bir sıra ölkələr Vaşinqtonla Tehran arasında danışıqların bərpasına çalışır. Qətər, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə bu prosesdə iştirak edir.

ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini tələb edir. Tehran isə dəniz blokadasının aradan qaldırılmasını və dondurulmuş aktivlərinin azad edilməsini istəyir.

“Axios”un məlumatına əsasən, vasitəçilər kompromis variantı da təklif ediblər. Təklifə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərinə baxış keçirməsinə icazə verməlidir. Bunun müqabilində neft ixracına tətbiq olunan sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin bir hissəsindən istifadə imkanının yaradılması nəzərdə tutulur.

Tramp və Əraqçidən açıqlama

ABŞ Prezidenti Donald Tramp danışıqların uğurla nəticələnib-nəticələnməyəcəyinin hələ bəlli olmadığını bildirib. O, problemin ya razılaşma yolu ilə, ya da başqa vasitələrlə həll edilməli olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə oktyabrın 28-də ölkəsinin silahlı qüvvələrinin müdafiəyə tam hazır olduğunu bəyan edib. Bununla belə, nazir diplomatik həll üçün imkanların açıq saxlanıldığını bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin mümkün əməliyyatı ilə bağlı yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir