Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində vətəndaşlarla görüş keçirəcək. Həmin gün polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı da təşkil olunacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Vətəndaş qəbulu Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq. Görüşdə Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etmək istəyən vətəndaşlar noyabrın 12-dək yaşadıqları ərazi üzrə polis orqanına, DİN-in “E-Polis” mobil tətbiqinə, elektron xidmət portalına və ya nazirliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən namizədlər üçün sıra baxışı isə noyabrın 13-də saat 08:00-da Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd: Həm vətəndaş qəbulunda iştirak edəcək şəxslər, həm də sıra baxışına qatılacaq namizədlər şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər.
