Bu şəxslərin iş saatları dəyişir: Yeni qərar

Bu şəxslərin iş saatları dəyişir: Yeni qərar

Azərbaycanda kommersiya uçuşlarını həyata keçirən təyyarələrin heyət üzvlərinin iş və istirahət vaxtlarının tənzimlənməsi qaydaları yenilənir. Dəyişikliklər aviaşirkətlərin uzun məsafəli uçuşlar həyata keçirmək imkanlarına da təsir göstərəcək.

Xəbəraxını xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, hava gəmisi heyətinin iş və istirahət müddətləri, eləcə də uçuş və uçuş iş vaxtı Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları, tövsiyə olunan təcrübəsi və Nazirlər Kabinetinin müəyyən edəcəyi qaydalar əsasında tənzimlənəcək.

Yeni yanaşmaya görə, heyət üzvlərinin maksimal iş saatları aşağıdakı dövrlər üzrə müəyyənləşdiriləcək:

  • İstənilən ardıcıl 7 gün ərzində;
  • İstənilən ardıcıl 14 gün ərzində;
  • İstənilən ardıcıl 28 gün ərzində;
  • Bir təqvim ili ərzində.

Maksimal uçuş vaxtı isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə hesablanacaq.

Layihənin əsas məqsədlərindən biri uçuş heyətinin yorğunluğunun idarə olunması ilə bağlı beynəlxalq standartlara uyğunlaşmaqdır. Hazırda Əmək Məcəlləsinə görə, normal gündəlik iş vaxtı 8, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. İş vaxtının cəmlənmiş uçotu tətbiq olunduqda gündəlik iş vaxtı 12 saatı, gecə vaxtına düşdükdə isə 11 saatı keçməməlidir.

Sənəddə qeyd olunur ki, mövcud məhdudiyyətlər Nyu-York, Seul və digər uzaq istiqamətlərə 13-14 saat davam edən uçuşların təşkilini çətinləşdirir, bəzi hallarda isə onları iqtisadi cəhətdən səmərəsiz edir. Bu vəziyyət yerli aviaşirkətlərin rəqabət imkanlarına mənfi təsir göstərə bilər.

Dəyişikliklə aviasiya heyətinin iş və istirahət rejiminin ümumi əmək normalarından fərqli olaraq, beynəlxalq standartlar əsasında tənzimlənməsi təklif edilir. ABŞ və Avropa İttifaqında da uçuş heyətinin iş və istirahət müddətləri müxtəlif zaman intervalları üzrə müəyyən edilmiş limitlərlə tənzimlənir.

Bildirilir ki, yeni qaydalar yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət qabiliyyətini gücləndirməyə və uçuş marşrutlarının genişləndirilməsinə şərait yarada bilər.

Qanun layihəsinin qəbulundan sonra Nazirlər Kabineti kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin heyət üzvlərinin yorğunluğunun idarə olunması, uçuş, iş və istirahət vaxtlarının tənzimlənməsi ilə bağlı müvafiq qaydaları təsdiqləyəcək.

Müzakirələrin ardından qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir