Bu gün Qubadlı Şəhəri Günüdür: Azadlıqdan dirçəlişə uzanan 6 il

Bu gün Qubadlı Şəhəri Günüdür: Azadlıqdan dirçəlişə uzanan 6 il

Bu gün — oktyabrın 25-də Qubadlı Şəhəri Günü qeyd olunur. Düz altı il əvvəl, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri Ermənistanın işğalından azad edilərək Azərbaycanın Zəfər tarixinə daha bir şanlı səhifə yazdı. Bu gün həm tarixi qələbənin, həm də doğma torpaqlarda həyatın yenidən bərpasının rəmzidir.

Xəbəraxını xəbər verir ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Qubadlı şəhərinin azad olunması 44 günlük Vətən müharibəsinin mühüm hadisələrindən biri oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı və hərbçilərimizin şücaəti nəticəsində şəhər düşmən işğalından qurtuldu. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdı.

Qubadlının azadlığı uğrunda aparılan əməliyyatlar zamanı şəhərlə yanaşı, rayonun bir sıra yaşayış məntəqələri də düşmən işğalından təmizləndi. Bu qələbə xalqımızın doğma torpaqlarına qayıdış ümidini gerçəyə çevirən tarixi hadisələrdən biri kimi yadda qaldı.

Qubadlıda yeni həyat qurulur

Bu gün Qubadlıda azadlıq sevincini genişmiqyaslı bərpa və quruculuq işləri müşayiət edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər çərçivəsində ilk növbədə ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsinə, təhlükəsizliyin təmin edilməsinə və müasir infrastrukturun yaradılmasına diqqət yetirilir.

Qubadlı şəhərinin gələcək inkişafını müəyyənləşdirən mühüm sənədlərdən biri də Baş plandır. Nazirlər Kabinetinin 2025-ci il sentyabrın 9-da təsdiqlədiyi “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin gələcək simasının formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Şəhərdə yeni yaşayış məhəllələrinin salınması, sosial obyektlərin və müasir infrastrukturun yaradılması istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyulub.

Rayonun kəndlərində də bərpa prosesi davam edir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən layihələr çərçivəsində yaşayış evlərinin tikintisi və zəruri kommunal infrastrukturun yaradılması nəzərdə tutulur. Bu işlər Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindəndir.

Qubadlıda aparılan quruculuq işləri doğma yurda qayıdışın təmin edilməsi, əhalinin rahat yaşayışı və rayonun davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Qubadlı təkcə azadlığın deyil, həm də yenidən doğuluşun ünvanıdır. Altı il əvvəl Zəfərlə tarix yazan şəhərdə indi yeni həyat qurulur. Qubadlının keçmişi qəhrəmanlıq salnaməsi, bu günü dirçəliş, gələcəyi isə doğma yurda qayıdış ümididir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir