Oktyabrın 26-da Azərbaycanda yağıntılı hava şəraiti müşahidə oluna bilər. Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Proqnoza əsasən, paytaxt və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava gözlənilsə də, gecə və səhər bəzi ərazilərdə qısamüddətli yağış yağa, şimşək çaxa bilər. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz isə 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% səviyyəsində olacaq.
Ölkənin digər rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Yağıntıların səhər saatlarından tədricən kəsiləcəyi bildirilir. Ayrı-ayrı ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 12-15, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə temperatur 0-5, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
