Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib. Dünyanın 189 ölkəsindən komandaların qatıldığı yarış çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun təşkili planlaşdırılır.
Xəbəraxını xəbər verir ki, açılış mərasimi Bakı Kristal Zalında təşkil olunub.
Oktyabrın 30-dək davam edəcək turnirin oyunları Hövsan Yarış Kompleksində keçiriləcək. Çempionatın final qarşılaşmasına isə Bakı Kristal Zalı ev sahibliyi edəcək.
Azərbaycan millisi turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste yığmasına qarşı keçirəcək.
Yığmamız oktyabrın 25-də iki görüşə çıxacaq. Komanda saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki matç Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Azərbaycan millisini oktyabrın 26-da da iki oyun gözləyir. Futbolçularımız saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcəklər. Bu qarşılaşmalar da eyni meydançada keçiriləcək.
