Çinin Tibet Muxtar Rayonunda baş verən güclü zəlzələ insan tələfatı ilə nəticələnib. Təbii fəlakət nəticəsində azı 16 nəfər həyatını itirib, 65 nəfər xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, bu barədə “Reuters” agentliyi operativ qərargahın məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, zəlzələdən sonra 12 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Bölgədə dağıntıların miqyası qiymətləndirilir, axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə əlaqədar regional komitə üçüncü səviyyəli fövqəladə hal rejimini aktivləşdirib.
Qeyd edək ki, oktyabrın 22-də Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Naqçu dairəsindən təxminən 200 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
