Azərbaycanda texnologiyalar parklarının rezident müəssisələrində çalışan şəxslər üçün uzunmüddətli vergi güzəşti tətbiq ediləcək. Yeni qaydaya əsasən, müəyyən şərtlər daxilində onların əməkhaqlarından gəlir vergisi tutulmayacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsi məlumat yayıb.
Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, texnologiyalar parklarının rezidentlərində, o cümlədən parkdan kənarda fəaliyyət göstərən rezident müəssisələrdə müvafiq fəaliyyət məqsədilə çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən 2027-ci il yanvarın 1-dən etibarən 20 il müddətinə 0 faiz dərəcəsi ilə gəlir vergisi tutulacaq.
Güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə müəyyən şərtlərlə tətbiq olunacaq. Bu şərtlərə müəssisələrin ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin müəyyən edilmiş minimum paya çatması və ixrac əməliyyatlarından əldə olunan vəsaitlərin Azərbaycandakı bank və digər ödəniş hesablarına köçürülməsi daxildir.
Dəyişikliklərə əsasən, texnologiyalar parklarının rezidenti olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müvafiq fəaliyyətdən əldə etdikləri gəlirlərə də güzəşt tətbiq ediləcək. Bu halda gəlirlər sənaye və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi alındığı tarixdən etibarən müvafiq olaraq 10 və 20 il müddətinə vergidən azad ediləcək.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
