Azərbaycana qarşı kiberhücumlar kəskin artdı: Dövlət sistemləri hədəfdədir

Azərbaycana qarşı kiberhücumlar kəskin artdı: Dövlət sistemləri hədəfdədir

Son bir həftə ərzində Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə və resurslarına qarşı genişmiqyaslı kiberhücumlar qeydə alınıb. Hücumların miqyasının əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Xəbəraxını xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət qurumlarına qarşı kiberhücumlar mütəmadi baş versə də, son yeddi gündə onların intensivliyi və miqyası nəzərəçarpacaq dərəcədə yüksəlib.

Nadir Novruzov bildirib ki, hücumlar əsasən DDoS üsulu ilə həyata keçirilir. Bu hücumların məqsədi dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini pozmaq və onların işini dayandırmaqdır. Bununla yanaşı, müxtəlif dövlət informasiya sistemlərinə və qurum əməkdaşlarının elektron poçt hesablarına müdaxilə cəhdləri də aşkarlanıb.

İdarə rəisinin sözlərinə görə, hücumların əsas hədəfi dövlət informasiya sistemlərinin normal fəaliyyətini pozmaqla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsinə mane olmaqdır.

O əlavə edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vəziyyəti davamlı izləyir və kiberhücumların qarşısının alınması üçün müvafiq tədbirlər görür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir