Bu gün Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsindən altı il ötür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Vətən müharibəsi zamanı Füzuli şəhərini və rayonun bir sıra kəndlərini azad edib. Bu hadisə 44 günlük müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşüb.
Xəbəraxını xəbər verir ki, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Füzuli 27 il işğal altında qaldı
Füzuli şəhəri və rayonun bir hissəsi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib. İşğal dövründə yaşayış məntəqələri və tarixi-mədəni abidələr ciddi dağıntılara məruz qalıb.
Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində verilən məlumata görə, rayondakı Arğalı, Babı və Mirəli türbələri, Hacıqiyasəddin məscidi və digər tarixi abidələrə ciddi ziyan vurulub, onların bir qismi dağıdılıb və yandırılıb.
Füzuli uğrunda döyüşlər necə nəticələndi?
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu cənub istiqamətində irəliləyərək bir sıra yaşayış məntəqələrini işğaldan azad edib. Cəbrayıl və Hadrut istiqamətlərində əldə olunan nəticələrdən sonra Füzuli uğrunda döyüşlər daha da intensivləşib.
Prezident İlham Əliyevin 17 oktyabr 2020-ci ildə xalqa müraciətində Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin də azad edildiyi elan olunub.
Füzuli şəhərinin azad edilməsi cənub cəbhəsində Azərbaycan Ordusunun irəliləyişi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyev 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhər uğrunda şiddətli döyüşlərin getdiyini, əməliyyatların bir neçə gün davam etdiyini bildirib.
Azadlıqdan sonra bərpa və yenidənqurma mərhələsi
İşğaldan azad edilən Füzulidə sonrakı illərdə infrastrukturun qurulması və şəhərin yenidən bərpası istiqamətində işlərə başlanılıb. Rayonun inkişafı çərçivəsində yolların, yaşayış komplekslərinin, sosial obyektlərin və digər infrastruktur layihələrinin inşası həyata keçirilir.
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2023-cü il avqustun 18-də başlayıb. Bu, uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin geri dönüşü baxımından mühüm mərhələ olub.
Qeyd edək ki, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbçilərin xidmətləri dövlət tərəfindən qiymətləndirilib. Azərbaycan Prezidentinin sərəncamları ilə 25 301 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
17 oktyabr tarixi bu gün Füzulinin işğaldan azad olunmasını, şəhərin yenidən qurulmasını və sakinlərin doğma yurda qayıdışını simvolizə edir.
