Azərbaycanda 2026-cı ilin ilk doqquz ayı ərzində 97 stomatoloqun qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Bu hallarla bağlı müvafiq inzibati tədbirlər görülüb.
Xəbəraxını Oxu.az- a istinadən xəbər verir ki, qanunsuz fəaliyyət göstərən stomatoloqlardan 45-i regionlarda, 52-si isə Bakı və ətraf ərazilərdə aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında protokollar tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.
Aşkarlanan pozuntular lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma, zəruri tibb təhsili və ya qüvvədə olan sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktika həyata keçirmə, eləcə də müvafiq sənədləri olmayan şəxslərin praktik tibbi fəaliyyətə buraxılması ilə bağlıdır.
AEM-dən bildirilib ki, qanunsuz tibbi fəaliyyət faktları müəyyən edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. Bu istiqamətdə yoxlamalar davam etdirilir.
Mərkəz vətəndaşlara stomatoloji xidmət alarkən tibb müəssisəsinin lisenziyasına, həkimin ixtisasını təsdiq edən sənədlərə və sertifikasiya şəhadətnaməsinə diqqət yetirməyi tövsiyə edib. Qanunsuz tibbi fəaliyyətlə bağlı müraciətlərin isə müəyyən olunmuş qaydada araşdırıldığı vurğulanıb.
