Azərbaycanda sosial şəbəkələrdə hakimiyyətin zorla ələ keçirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin yayılmasına yönələn materialların paylaşılması ilə bağlı cinayət işi başlanıb. İş üzrə Türkiyə vətəndaşı, jurnalist və köşə yazarı Celal Çiftçi təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.
Xəbəraxını xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilib
Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən yayılan materiallarla bağlı Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, eləcə də zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin yayılmasını təşviq edən materialların təkrar yayıldığı müəyyən edilib. Bu materiallar arasında süni intellekt vasitəsilə hazırlanmış məzmunun da olduğu, müxtəlif başlıqlar altında radikal çağırışların təkrar edildiyi bildirilib.
Toplanmış materiallar əsasında 16 oktyabr 2026-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Həmin maddələr hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn təkrar açıq çağırışları, zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınmasını, həmçinin dini ekstremist fəaliyyəti təşviq edən materialların hazırlanması və yayılmasını əhatə edir.
Baş Prokurorluğun məlumatına görə, Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edilib. Onun və digər şəxslərin əməlləri ilə bağlı zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq çərçivəsində digər tədbirlər həyata keçirilir.
Hazırda yayılan materialların məzmunu, onların hazırlanması və yayılması halları, eləcə də cinayət işi üçün əhəmiyyət daşıyan digər məsələlər araşdırılır. İstintaqın nəticələrinə əsasən əməllərə hüquqi qiymət veriləcək və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul olunacaq.
Baş Prokurorluq vətəndaşları dini dözümlülüyü, qarşılıqlı hörməti və ictimai həmrəyliyi qorumağa, dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunu yaymaqdan çəkinməyə və sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə çağırıb.
