Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirildi: Laos təşkilata üzv qəbul edildi

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirildi: Laos təşkilata üzv qəbul edildi

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb və toplantıda çıxış edib.

Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi barədə qərar verilib. İlham Əliyev bu hadisəni təşkilatın Asiyada daha geniş və inklüziv dialoq platforması kimi inkişafının göstəricisi kimi qiymətləndirib.

Prezident çıxışında Azərbaycanın son iki ildə AQEM-ə sədrliyi dövründə nəqliyyat əlaqələri, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə diqqət yetirdiyini bildirib. O, üzv dövlətlərin dəstəyi ilə təşkilatın institusional və hüquqi imkanlarının gücləndiyini vurğulayıb.

Dövlət başçısı, həmçinin Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verən üzv ölkələrə təşəkkür edib.

İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsipləri, regional təhlükəsizlik və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli məsələlərinə də toxunub. O, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qərarlarının icrasını təmin edən mexanizmlərin əhəmiyyətini qeyd edib.

Prezident Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən danışaraq regionda əldə olunan sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AQEM Asiya ölkələri arasında dialoqun, etimadın və əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq platformadır. Bakıda keçirilən 7-ci Zirvə Görüşündə təşkilatın gələcək fəaliyyəti və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir