Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Görüş zamanı İsxak Hersoq Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanın 2026–2028-ci illərdə də təşkilata sədrlik etməsini ölkəyə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirib.
İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Prezident İlham Əliyev isə Azərbaycanın sədrliyinə verilən müsbət qiymətə görə təşəkkürünü bildirib. Dövlət başçısı AQEM-ə üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycan-İsrail münasibətləri və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
