Uşaqların başına gətirilənlər dəhşətə gətirdi: Ana və ögey ata məhkəmə zalında həbs edildi

Uşaqların başına gətirilənlər dəhşətə gətirdi: Ana və ögey ata məhkəmə zalında həbs edildi

Azərbaycanda iki azyaşlı uşağa qarşı ağır zorakılıq törətməkdə ittiham olunan ana və onun qeyri-rəsmi birgə yaşadığı kişi barəsində həbs qərarı verilib. Uşaqların bədənlərində yanıq izləri, qançırlar və digər xəsarətlər aşkarlanıb.

Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, 34 yaşlı Ç.Rüstəmova həyat yoldaşı ilə münasibətlərində yaranan problemlərdən sonra 13 yaşlı qızını və 8 yaşlı oğlunu da götürərək sosial şəbəkədə tanış olduğu T.Abbasovla yaşamağa başlayıb. Hadisələrin əsasən Bakı şəhərinin Biləcəri qəsəbəsində və Tərtər rayonunda baş verdiyi qeyd olunur.

İttihama əsasən, uşaqlar ev işlərini görmədiklərinə, mübahisə etdiklərinə və nadinclik etdiklərinə görə fiziki zorakılığa məruz qalıblar. Bildirilir ki, ana uşaqların əllərini qaynar sobaya yapışdırıb, qızdırılmış qaşığı əllərinə basıb. Həmçinin uşaqlar gecələr evdən çıxarılaraq qaranlıqda saxlanılıb, döyülüb, saatlarla yemək və sudan məhrum ediliblər.

Məlumata görə, azyaşlı qızın saçının çarpayının bir hissəsinə bağlandığı, anasının isə onun ağzına zərbə vurması nəticəsində dişlərinin sındığı iddia olunur.

Zorakılığa dözməyən uşaqlar evdən qaçaraq tanımadıqları şəxsin telefonundan atalarına zəng ediblər. Ata onları tapdıqdan sonra polisə müraciət edib. Ekspertiza uşaqların bədənlərində çoxsaylı qançırlar, çapıqlar və yanıq izləri, qızın qolunda isə sınıq olduğunu müəyyən edib.

Məhkəmədə T.Abbasov ittihamları qəbul etməyərək uşaqlara toxunmadığını, onların anasının uşaqları döydüyünü bildirib. Ç.Rüstəmova isə övladlarına əzab verdiyini etiraf edib və həbs edilməməsini xahiş edib. Uşaqların isə analarını bağışlamadıqları və hər iki şəxsin cəzalandırılmasını istədikləri bildirilir.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə T.Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ç.Rüstəmovaya 3 il həbs cəzası verilsə də, azyaşlı övladının yetkinlik yaşına çatmasına qədər cəzanın çəkilməsi təxirə salınıb.

Lakin prokuror bu qərardan apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi cəzanın təxirə salınmasını ləğv edib və Ç.Rüstəmova da məhkəmə zalında həbs olunub.

Ana və ögey atanın həbsindən sonra himayəsiz qalan 1 yaşlı uşağın zəruri tələbatlarının dövlət büdcəsi hesabına təmin edilməsi barədə də qərar qəbul edilib. Bu məsələnin təşkili Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir