Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyətlər verildi – xaricdəki azərbaycanlıları nə gözləyir?

Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyətlər verildi – xaricdəki azərbaycanlıları nə gözləyir?

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin səlahiyyət və vəzifələri yenidən müəyyənləşdirilib. Yeni qaydalar diplomatik nümayəndəliklərin fəaliyyət istiqamətlərini, xaricdəki Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsini və digər dövlət qurumları ilə əməkdaşlığını əhatə edir.

Xəbəraxını xəbər verir ki, Azərbaycan Prezidentinin 3 aprel 2026-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” təsdiq edilib. Sənədə əsasən, səfirliklər xaricdə Azərbaycanın maraqlarını təmsil etməklə yanaşı, ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunmasında da iştirak edirlər.

Əsasnaməyə görə, səfirliklər qəbul edən ölkədə fəaliyyət göstərən və ezam olunmuş Azərbaycan dövlət qurumlarının nümayəndələrinin işini əlaqələndirir, onların fəaliyyətinə nəzarəti həyata keçirirlər. Həmin nümayəndələr işlərini səfirliklə razılaşdırmalı və fəaliyyəti barədə məlumat verməlidirlər.

Sənəddə səfirliklərin konsulluq funksiyalarını yerinə yetirməsi də nəzərdə tutulub. Belə ki, konsulluğun olmadığı ölkələrdə və ya konsulluğun səlahiyyət dairəsinə daxil olmayan ərazilərdə səfirliklər Azərbaycanın adından müvafiq konsul funksiyalarını həyata keçirə bilərlər.

Bundan başqa, səfirliklərin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişafına, Azərbaycan mallarının və xidmətlərinin xarici bazarlara çıxarılmasına, ölkəyə xarici sərmayələrin cəlb edilməsinə dəstək göstərməsi müəyyənləşdirilib.

Qeyd edək ki, yeni əsasnamə diplomatik nümayəndəliklərin fəaliyyətini tənzimləyən hüquqi çərçivəni müəyyən edir. Sənəddə sadalanan səlahiyyətlər səfirliklərin xaricdə Azərbaycanın dövlət maraqlarını təmsil etməsi və vətəndaşlara konsulluq xidmətləri göstərməsi ilə bağlıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir