Azərbaycanda kənd təsərrüfatı torpaqlarının satışına yeni qaydalar – 5 hektar şərti

Azərbaycanda kənd təsərrüfatı torpaqlarının satışına yeni qaydalar – 5 hektar şərti

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqısı ilə bağlı yeni hüquqi qaydalar tətbiq edilir. Bu dəyişikliklər bəzi torpaq sahələrinin satışında əlavə tələblərin yaranmasına səbəb olub.

Xəbəraxını xəbər verir ki, Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, 14 iyul 2026-cı il tarixli qanunla Mülki Məcəlləyə 648-1 və 648-2-ci maddələr əlavə edilib. Yeni normalar kənd təsərrüfatı təyinatlı torpaqların satışı və belə sahələrin bölünməsi ilə bağlı məsələləri tənzimləyir.

Yeni qaydaya görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılarkən həmin ərazi ilə birbaşa ümumi sərhədə malik qonşu torpaq sahələrinin mülkiyyətçilərinə üstünlük hüququ verilir. Yəni qonşu mülkiyyətçilər satılan torpağı digər şəxslərlə eyni şərtlərlə almaq imkanına malikdirlər.

Torpağın üçüncü şəxsə satılması zamanı notarius satıcının qonşu torpaq sahələrinin mülkiyyətçilərinə müvafiq bildiriş göndərib-göndərmədiyini yoxlamalıdır. Torpaq sahibinin müraciəti əsasında bu bildiriş notarius tərəfindən də göndərilə bilər.

Digər mühüm dəyişiklik isə torpaq sahəsinin bölünməsi ilə bağlıdır. Qanuna əsasən, dövlət ehtiyacları üçün özgəninkiləşdirmə halları istisna olmaqla, kənd təsərrüfatı təyinatlı torpağın alqı-satqısı və ya digər formada özgəninkiləşdirilməsi nəticəsində bölünməsinə yalnız yaranan hər bir yeni sahənin ən azı 5 hektar olması şərtilə icazə verilir.

Beləliklə, kənd təsərrüfatı torpaqlarının satışı tamamilə qadağan edilməyib. Lakin yeni hüquqi mexanizmlər bu torpaqların satışında qonşu mülkiyyətçilərin üstünlük hüququnu və bölünmə zamanı minimum 5 hektarlıq sahə tələbini nəzərdə tutur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir