Xəbəraxını xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında aparılan araşdırmanın nəticəsi açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, müəssisənin rəhbəri təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin yaradılması ilə bağlı yol verilmiş nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Direktorla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qurumdan bildirilib ki, təhsil müəssisələrində neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin səmərəli təşkili və sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlər sırasındadır. Bu sahədə yol verilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl 98 saylı bağçaya gedən azyaşlının qanında psixotrop dərman maddəsinin aşkarlandığına dair iddialar yayılmışdı. Bildirilmişdi ki, uşağın səhhətində və davranışında dəyişikliklər müşahidə edildikdən sonra valideynləri onu həkimə aparıblar və aparılan analiz zamanı psixotrop maddənin aşkarlandığı iddia olunub.
Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırmaya başlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də uşağın valideynləri ilə görüşüb. Faktın hərtərəfli və obyektiv araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər göndərilib.
Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
