Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərə mükafat veriləcək. Bəs bu barədə məlumat verən şəxslərin hansı hüquqları var?
“Xəbəraxını” xəbər verir ki, korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, məlumat verən şəxslər özləri barədə məlumatların məxfiliyinin qorunmasını tələb edə biləcəklər.
Bundan başqa, onların özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin olunmasını, hər hansı formada qanunsuz təsirə məruz qalmamalarını və ədalətsiz rəftardan qorunmalarını tələb etmək hüququ nəzərdə tutulur.
Məlumat verən şəxslər dövlət hesabına peşəkar hüquqi yardım almaq və məhkəmə xərclərindən azad olunmaq imkanına da malik olacaqlar.
Layihədə maddi və mənəvi zərərə görə kompensasiya almaq, həmçinin konfidensial məsləhət xidmətindən yararlanmaq hüquqları da müəyyənləşdirilir.
Məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsinə bir sıra qurumların cəlb olunması nəzərdə tutulur. Bunlara həmin şəxsin işlədiyi və ya əvvəllər işlədiyi təşkilat, qanunla müəyyən edilmiş hallarda təhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, eləcə də həmin tədbirləri həyata keçirən müvafiq dövlət qurumu daxildir.
