“Manatlıq taksi”lər yığışdırıldı-səbəb

“Manatlıq taksi”lər yığışdırıldı-səbəb

20 Yanvar və Moskva prospekti ərazilərində “manatlıq taksi” kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyəti dayandırılıb. Bundan sonra xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayan vətəndaşlar nəqliyyat problemi ilə üzləşiblər.

Xəbəraxını , “APA TV”yə istinadən verdiyi məlumata görə, vətəndaşlar pik saatlarda avtobusların sayının və hərəkət intervalının sərnişin tələbatını qarşılamadığını bildiriblər. Nəticədə insanların işə və evə getmək üçün saatlarla yolda qalması qeyd olunur.

Sakinlərdən biri bildirib:

“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Avtobuslara da minmək olmur. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur”.

Mütəxəssislər isə sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha geniş cəlb edilməsinin vacibliyini vurğulayırlar.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir. Onun fikrincə, bu ərazilər arasında sərnişindaşımada yalnız avtobuslara güvənmək düzgün yanaşma deyil.

“Dəmiryolu nəqliyyatının daha intensiv fəaliyyəti təmin edilməlidir. Bu istiqamətdə dövlət proqramında müvafiq qərarlar var. Onların icrası daha da sürətləndirilməlidir.

Birinci mərhələdə mövcud hərəkət tərkibi ilə daha intensiv hərəkət təmin edilməlidir. İkinci mərhələdə isə hərəkətin intensivliyini artırmaq üçün yeni qatarların alınması və vağzal ətrafında multimodal qovşaqların yaradılması nəzərdə tutulmalıdır. Sərnişinlərin vağzala rahat gəlməsi, dəmir yoluna keçidi, əks istiqamətdə isə dəmir yolundan avtobuslara maneəsiz keçidi təmin olunmalıdır.

Düşünürəm ki, bu məsələyə diqqətimizi artırsaq, Bakı, Sumqayıt və Xırdalan arasında ən qısa marşrutla, yerüstü metro funksiyasını daşıya biləcək dəmir yolu vasitəsilə sərnişindaşıma problemini həll edə bilərik”, – deyə ekspert bildirib.

Bəs alternativ nəqliyyat imkanları tam formalaşmadan “manatlıq taksi”lərin fəaliyyətinin dayandırılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

AYNA-dan qeyd olunub ki, icazələr qurum tərəfindən yeddi il müddətinə verilir və bunun üçün hər hansı ödəniş tələb olunmur. Daşıyıcılar sifarişli sərnişindaşıma həyata keçirərkən elektron sistemdən istifadə etməklə müvafiq formaları doldurmalıdırlar.

İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərilməsi isə inzibati məsuliyyət yaradır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir