Londondan İstanbula uçan “AJet” aviaşirkətinə məxsus təyyarədə sərxoş sərnişin insident yaradıb.
Xəbəraxını “Turkiye Today”ə istinadən xəbər verir ki, hadisə zamanı sərnişinlərdən birinin yanındakı şəxsə qarşı aqressiv davranan kişi ekipaj üzvlərinin müdaxiləsinə səbəb olub.
Nəşrin məlumatına görə, bələdçi qadın sərnişinlərdən birinə qarşı təcavüzkar hərəkətlərin qarşısını almağa çalışarkən sərxoş kişi stüardessanı dişləyib.
Bundan sonra həmin şəxs başqa bir sərnişinə də hücum edib. Ekipaj üzvləri təyyarə eniş edənədək sərnişini öz gücləri hesabına zərərsizləşdirərək nəzarətdə saxlaya biliblər.
Təyyarə hava limanına endikdən sonra sərxoş sərnişin polisə təhvil verilib.
“AJet” aviaşirkəti isə hadisədən sonra həmin şəxsi “qara siyahı”ya salıb və onun şirkətin reyslərindən ömürlük istifadə etməsini qadağan edib.
