Bu gün – sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Anım Günü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq qeyd edilir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilib.
Müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla başa çatıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Hər il bu tarixdə ölkənin müxtəlif bölgələrində şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, onların məzarları və ailələri ziyarət olunur.
Anım Günü Azərbaycan xalqının Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə ehtiramını ifadə etdiyi xüsusi günlərdən biridir.
