Bakıda əcnəbi turistdən əlavə pul istəyən taksi sürücüsü həbs edilib

Bakıda əcnəbi turistdən əlavə pul istəyən taksi sürücüsü həbs edilib

Bakıda əcnəbi müştərilərlə kobud davrandığı bildirilən taksi sürücüsü inzibati qaydada həbs edilib.

“Xəbəraxını” “Lent.az”a istinadən xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.

Zərərçəkənlərin şikayətindən sonra Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində müvafiq protokol tərtib olunub.

Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün davranışından narazı qalaraq Daxili İşlər Nazirliyinə, Dövlət Turizm Agentliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib.

Şikayətçi bildirib ki, sürücü əvvəlcə onları aparmaq üçün yüksək hesab etdikləri məbləğ tələb edib. Buna baxmayaraq, ər-arvad səfəri davam etdirmək qərarına gəlib. Avtomobilə mindikdən sonra onlar sürücüdən kondisioneri işə salmasını istəyiblər. Sürücü isə əlavə ödəniş etməyəcəkləri təqdirdə kondisioneri qoşmayacağını bildirib. Tərəflər bu məsələdə razılığa gəlmədikdən sonra sərnişinlər kondisionersiz şəkildə yol getməli olublar.

Asad Arifin sözlərinə görə, vəziyyət onların səfərini xüsusilə narahat edib. Belə ki, sürücünün idarə etdiyi “Mercedes Viano” markalı avtomobildə sərnişinlərin havalandırma məqsədilə aça biləcəyi pəncərələr olmayıb.

Əcnəbi vətəndaş qeyd edib ki, buna baxmayaraq, kondisioner məsələsi ilə bağlı mübahisə yaratmayıb və bu şəkildə səfərə davam etməyə razı olub. Daha sonra sürücüdən düşəcəkləri ünvanı dəyişməsini xahiş edib. Bu zaman sürücü təyinat yerinin dəyişdirilməsi üçün də əlavə ödəniş tələb edib.

Asad Arif bildirib ki, sürücünün ardıcıl şəkildə əlavə pul istəməsi və onlara qarşı davranışı səbəbindən həyat yoldaşı ilə birlikdə səfəri davam etdirmək istəmədiklərini bildiriblər. Onlar sürücüdən həmin yerdə avtomobili saxlamasını və düşmələrinə icazə verməsini istəyiblər. Lakin sürücü bunun əvəzinə avtomobilin qapılarını kilidləyərək ər-arvadın nəqliyyat vasitəsindən çıxmasına imkan verməyib.

Şikayətçinin sözlərinə görə, həmin anda onlar xarici ölkədə özlərini təhlükədə və çıxılmaz vəziyyətdə hiss ediblər. Nəticədə avtomobildən düşmək üçün qapını özləri güclə açmalı olublar. Sərnişinlər avtomobildən düşdükdən sonra sürücünün onları söydüyünü və kobud davranışını davam etdirdiyini bildiriblər.

Elşən Bağırov isə məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməyib. O bildirib ki, əcnəbi ər-arvadı gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razılaşmasalar da, sonradan onun idarə etdiyi “Mercedes Viano” markalı avtomobilə miniblər.

Sürücü qeyd edib ki, sərnişinlər kondisionerin qoşulmasını istəsələr də, cihaz nasaz olduğundan onu işə sala bilməyib.

Hakimin “Bəs nə üçün onlar səndən şikayət ediblər?” sualına Elşən Bağırov “Onların şikayəti əsassızdır” cavabını verib.

O, həmçinin əcnəbilərlə səfərin cəmi 2-3 dəqiqə davam etdiyini və onlar avtomobildən düşərkən “Nə yaxşı ki, belə adamlardan uzaq oldum” dediyini bildirib.

Hakimin “2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?” sualına isə Elşən Bağırov “Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm” deyə cavab verib.

Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini, bu yaşa qədər ilk dəfə belə hadisə ilə üzləşdiyini bildirib və işə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Elşən Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir