Formula-1 Azərbaycan Qran Prisi ilə bağlı sürücülərə müraciət edildi

Formula-1 Azərbaycan Qran Prisi ilə bağlı sürücülərə müraciət edildi

“2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilib ki, sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək yarışla əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, eləcə də respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur.

Paytaxt sakinlərindən isə yarış günlərində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə isə ümumiyyətlə yola çıxmamaları xahiş edilib.

Bildirilib ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.

Yarışla əlaqədar paytaxtın müəyyən ərazilərində nəqliyyat məhdudiyyətləri də tətbiq ediləcək.

İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək. Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək və tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

Belə ki, sentyabrın 21-i və 22-də aşağıda qeyd olunan giriş-çıxış nöqtələri səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Sentyabrın 23-də isə qeyd olunan yollar səhər saat 07:00-dan 09:00-dək, axşam saat 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Giriş nöqtələri:

  • Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
  • M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
  • Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;
  • Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
  • Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış nöqtələri:

  • Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
  • İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
  • Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.

Tranzit dəhlizlərinin açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, həmçinin sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək.

Tranzit dəhlizlərində maksimal sürət həddi saatda 50 kilometr olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir