Monqolustan Azərbaycanla birbaşa hava əlaqəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyini gözləyir.
Monqolustan mediasının məlumatına görə, iki ölkə arasında birbaşa aviareyslərin Azərbaycanın altı şəhərindən Monqolustanın üç şəhərinə həyata keçirilməsi nəzərdə tutulur.
Söhbət Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqataladan, eləcə də Ulan-Bator, Xovd və Çoybalsan şəhərlərindən gedir.
Bildirilib ki, reyslərin icrasına yaxın vaxtlarda başlanıla bilər. Eyni zamanda, Monqolustan aviaşirkətlərinə Azərbaycanın altı şəhərinə uçuşlar həyata keçirmək hüququ veriləcək.
Tərəflər həmçinin bir və ya bir neçə aviaşirkətin təyin edilməsi və kod-şerinq formatında əməkdaşlığa icazə verilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinin müvafiq komitəsində Monqolustanla hava əlaqəsi haqqında saziş müzakirə olunub. Sənəd iki ölkə arasında sərnişin və yük daşımalarının, həmçinin baqaj və poçt göndərişlərinin həyata keçirilməsi üçün hüquqi əsas yaradacaq.
