“Moon Kids” uşaq bağçasının dələduzluqda təqsirləndirilən direktoru Havvaxanım Rüstəmova barəsində hökm çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rüstəmova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Həmçinin o, 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilib.
Məhkəmə qərarı ilə Rüstəmova barəsində tətbiq olunan ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.
Proses zamanı dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Havvaxanım Rüstəmova 2024-cü ilin iyulunda saxlanılıb. Onun barəsində Nizami Rayon Prokurorluğunda “Moon Kids” MMC-də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Rüstəmova Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.
İlkin olaraq onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu tədbir ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, “Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.
