Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində logistika mərkəzinə, enerji və dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Nazirliyin məlumatına əsasən, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın müxtəlif ərazilərində yerləşən hədəflərə hücumlar həyata keçirib.
Bildirilib ki, zərbələrdən biri Odessa vilayətində hərbi yüklərin saxlanılması və paylanması üçün istifadə olunan “Novaya Poçta” logistika mərkəzinə endirilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Odessa və Nikolayev şəhərlərində yerləşən limanların fəaliyyətini təmin edən iki transformator yarımstansiyasının da hücumların hədəfi olduğu qeyd edilib.
Bundan əlavə, Ukraynanın qərb bölgələrində Avropa ölkələrindən hərbi yüklərin daşınmasında istifadə edilən dəmir yolu infrastrukturu obyektlərinin vurulduğu bildirilib.
Nazirlik hücumların havadan yüksəkdəqiqlikli silahlardan və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirildiyini açıqlayıb.
