Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi əsasında beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub. Məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında axtarışda olan şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalara əsasən, həmin şəxs xuliqanlıq və özgə əmlakına qəsdən zərər vurmaqda ittiham edilir. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Gürcüstan-Türkiyə sərhədindəki Sarpi gömrük-keçid məntəqəsində saxlanılıb.
Hazırda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.
