“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və aparıcısı Nigar Fərhad saxlanılıb. Nigar Fərhad barəsində çoxsaylı vətəndaş şikayətləri daxil olduqdan sonra Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Bildirilib ki, o, artıq başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Gün ərzində Nigar Fərhad barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat veriləcəyi gözlənilir. Hazırda aparıcı istintaq orqanlarının nəzarətindədir və onun barəsində hələlik hər hansı məhkəmə qərarı qəbul edilməyib.
Qeyd edək ki, “AİD Group”la bağlı araşdırmalar çərçivəsində şirkətin faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də daha əvvəl həbs olunub.
Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşların şikayətlərinin sayının artdığı bildirilir. Şikayətçilərin böyük hissəsini tələbələr təşkil edir. Onlar xaricdə təhsil məqsədilə şirkətə ödədikləri vəsaiti geri ala bilmədiklərini iddia edirlər.
