Bu gün Laçın Şəhəri günüdür.

Bu gün Laçın Şəhəri günüdür.

Bu gün Azərbaycanın dilbər guşələrindən biri olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Belə ki, 2022-ci il avqustun 26-sı Laçının müasir tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Müzəffər Azərbaycan ordusu Laçın Zabux və Sus kəndləri daxil olmaqla Laçın şəhərinə ayaq basdı və bununla da Laçın rayonunun işğalına tamamilə son qoyuldu.

Strateji mövqeyə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğal rayonun sosial və iqtisadi həyatına da ağır zərbə vurub. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə, eləcə də digər obyektlər talan edilərək məhv edilib. Laçının tarixi-mədəni irsi də dağıntılardan ciddi zərər görüb. Rayonda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.İşğal illərində rayonun təbii sərvətlərinə də ziyan vurulub. Meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib, 240 hektarlıq Qaragöl Dövlət Təbiət Qoruğuna və 20 min hektar ərazini əhatə edən Laçın Dövlət Təbiət Yasaqlığına ciddi zərər dəyib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Laçın da bu prosesin əsas ünvanlarından birinə çevrildi.Şəhərdə və rayonda müasir infrastrukturun yaradılması, yaşayış məkanlarının salınması, sosial obyektlərin inşası və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində işlər həyata keçirilir.

Beləliklə, illərlə məcburi köçkün həyatı yaşayan laçınlılar doğma yurda qayıtmağa başlayıblar. Bir vaxtlar işğalın və dağıntının simvoluna çevrilən Laçın bu gün Böyük Qayıdışın və quruculuğun əsas ünvanlarından biri kimi yenidən formalaşır.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir