5 ilə ərsəyə gələn “44” filmi təqdim olundu – Şəhid ailələri də iştirak etdi

5 ilə ərsəyə gələn “44” filmi təqdim olundu – Şəhid ailələri də iştirak etdi

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərə həsr olunan “44” bədii filminin təqdimat mərasimi keçirilib. Beş il ərzində hazırlanan ekran əsəri oktyabrın 12-də Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.

Xəbəraxını xəbər verir ki, təqdimat mərasimində dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, filmin yaradıcı heyəti və aktyorlar iştirak ediblər.

Tədbirdə filmdə rol alan aktyorlar layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Aktyor Türkay Cəfərli Qarabağ mövzusunun Azərbaycan üçün xüsusi həssaslıq daşıdığını vurğulayaraq filmin müharibə həqiqətlərini tamaşaçılara çatdırmaq baxımından mühüm rol oynayacağını bildirib.

Ekran əsərində baş qəhrəmanı canlandıran İbrahim Çingizin həyat yoldaşı, aktrisa Aydan Axundova isə çəkiliş prosesinin çətin və məsuliyyətli olduğunu qeyd edib. Əməkdar artist Çingiz Əhmədov da oğlunun layihədə iştirakından qürur duyduğunu deyib.

Təqdimatda şəhid ailələrinin üzvləri də iştirak ediblər. Şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli filmin onda dərin təəssürat yaratdığını, övladının Azərbaycanın Zəfərindəki payı ilə qürur duyduğunu bildirib. Şəhid Əbulhəsən Eyvazovun anası Mətanət xanım isə filmdə oğlunun keçdiyi yolların təsvirinin ona duyğulu anlar yaşatdığını söyləyib.

Deputat Polad Bülbüloğlu filmin Azərbaycan kinosu üçün əhəmiyyətini vurğulayıb. Əməkdar jurnalist Qulu Məhərrəmli isə ekran əsərində müharibə səhnələrinin realist təsvirini, operator işini və bədii detalların işlənməsini xüsusi qeyd edib.

Təqdimatdan əvvəl filmin çəkiliş prosesini əks etdirən statistik məlumatlar nümayiş olunub. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səsləndirilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri isə Orman Əliyevdir.

“44” bədii filmi oktyabrın 15-dən ölkənin kinoteatrlarında nümayiş olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir