2027-ci ildə Azərbaycanın dövlət büdcəsində ən böyük xərc istiqamətlərindən birini müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi təşkil edəcək.
Xəbəraxını.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” ilə bağlı keçirilən iclasda deyib.
Baş nazirin sözlərinə görə, gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat vəsait nəzərdə tutulur. Bu məbləğ dövlət büdcəsi xərclərinin 21 faizini təşkil edir.
Ə.Əsədov bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir, ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra keçmiş məcburi köçkünlərin 47 yaşayış məntəqəsinə qayıdışı təmin olunub. Bunlardan 10-u şəhər, 3-ü qəsəbə, 34-ü isə kənddir.
Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Baş nazir qeyd edib ki, 2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb.
2027-ci ildə isə bu istiqamətə 3,4 milyard manat vəsaitin ayrılması planlaşdırılır.
