Bu gün Azərbaycanda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunur. 1991-ci il oktyabrın 18-də qəbul edilən tarixi sənəd Azərbaycanın dövlət müstəqilliyinin bərpasını hüquqi cəhətdən təsdiqləyib.
Xəbəraxını xəbər verir ki, həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.
Müstəqilliyə aparan tarixi yol
Azərbaycan 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini qəbul edərək müstəqilliyini elan edib. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, ölkənin dövlətçilik tarixində mühüm iz qoyub.
Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsi üçün tarixi şərait yaranıb. 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edilib, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktı ilə müstəqillik hüquqi əsaslarla təsdiqlənib.
Sənəddə Azərbaycan Respublikasının 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu da təsbit edilib.
Ümumxalq referendumu keçirildi
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu keçirilib. Səsvermədə vətəndaşlar dövlət müstəqilliyi və suverenlik məsələsinə münasibətlərini bildiriblər.
2021-ci il oktyabrın 15-də imzalanan qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Hər iki tarix dövlət bayramı kimi qeyd olunur.
18 Oktyabr Azərbaycanın müasir dövlətçilik tarixində müstəqilliyin hüquqi əsaslarla bərpa olunduğu əlamətdar gün kimi xüsusi yer tutur.
