Azərbaycanda iki övladı üçün aliment ödənişlərini yerinə yetirməyən daha bir ata həbs olunub. Qəbələ rayon sakini 18 min manatdan çox aliment borcunu ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Xəbəraxını Modern.az-a istinadən xəbər verir ki, məlumata görə, 36 yaşlı Müşfiq Cəfərov (şərti ad) 2012-ci ildə rəsmi nikaha daxil olub. Cütlüyün 2013 və 2015-ci illərdə iki övladı dünyaya gəlib. Münasibətləri pozulduqdan sonra onlar 2017-ci ildə boşanıblar.
Boşanmadan sonra Yasamal Rayon Məhkəməsi ataya hər uşaq üçün aylıq 136 manat olmaqla, ümumilikdə 272 manat aliment ödəmək öhdəliyi qoyub. 2024-cü ildə isə məhkəmə qərarı ilə hər uşaq üçün ödəniş 235 manata qaldırılıb. Beləliklə, aylıq aliment məbləği 470 manat təşkil edib.
Buna baxmayaraq, M.Cəfərov ödənişləri vaxtında və tam həyata keçirməyib. O, bu səbəbdən üç dəfə inzibati qaydada – 10, 20 və 25 gün müddətinə həbs olunub. Sonradan cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, borcunu ödəməyib.
Məhkəmədə təqsirləndirilən şəxs borcun hamısını birdəfəlik ödəmək imkanının olmadığını, lakin hissə-hissə ödəməyə hazır olduğunu bildirib. Zərərçəkmiş qadın isə alimenti vaxtında və tam ala bilmədiyinə görə uşaqlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı sonuncu dəfə 2021-ci ildə poçt vasitəsilə 257 manat göndərib.
Məhkəmənin hökmü ilə Müşfiq Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən ay Bakının Sabunçu rayonunda da övladları üçün aliment ödəməyən 42 yaşlı kişi həbs olunmuşdu.
